Xaricdə təhsil üçün nələr lazımdır?

Hazırda gənclərin çoxu xaricdə təhsil almağa meyillidir. Hətta xaricdə təhsil almaq əksər gəncin arzusuna çevrilib. Ancaq bu arzunun reallaşması üçün uğurlu addımlar atmaq lazımdır. Əgər siz də xaricdə təhsil almaq istəyirsinizsə, mütləq əziyyətlər çəkib tələb olunanları etməlisiniz.
İlk öncə məqsədinizi dəqiqləşdirin. Xaricdə təhsil almaq üçün siz gərək xarici dil biləsiniz. Adətən, bu dil ingilis dili olur. Amma bəzi ölkələrdə bu tələb dəyişə bilər, belə ki, siz həmin ölkəyə aid dili öyrənməklə şansınızı artıra bilərsiniz. Xaricdə təhsil üçün İELTS, TOEFL kimi sertifikatlar tələb olunur. Təbii ki,bu sertifikatlarda olan göstəricilərin yuxarı olması sizin şansınızı artırır. Məlumat üçün bildirim ki, İELTS üçün maksimal nəticə 9 bal, TOEFL üçün isə 120 baldır.

Xaricdə təhsil üçün böyük rəqabət mühiti var. Bu rəqabət mühiti də günbəgün artır. Xaricdə təhsil almaq istəyənlər, adətən, təqaüdlərə müraciət edir və təqaüddən maddi xərclərini qarşılamaq üçün istifadə etmək planı qururlar. Bu rəqabət mühitində qalib gəlməyiniz üçün dil sertifikatlarından əlavə sosial fəaliyyətiniz də olsa, yaxşı olar. Hər bir ölkə, xüsusən də Avropa ölkələri təqaüd üçün seçim edərkən sosial fəaliyyətə xüsusi önəm verir. Əgər magistr təhsili üçün müraciət edəcəksinizsə, bakalavr təhsili zamanı qiymət ortalamanızın yüksək olması üstünlükdür. Xaricdə təhsil almaq kimi planınız varsa, universitetinizdə qiymətlərinizi də yuxarı tutmalısınız.

Təqaüdlər üçün ən böyük üstünlüklərdən biri seçdiyiniz ixtisasa uyğun iş təcrübənizin olmasıdır. Ən azı təcrübə proqramlarında çalışmış olmağınız sizi xaricdə təhsil almaq istəyinizə bir addım daha yaxınlaşdıracaqdır. Yaxşı motivasiya məktubu müraciət etdiyiniz universitetin sizi seçməsinə təsir göstərən əsas amillərdəndir. Məsləhətlidir ki, motivasiya məktubunu özünüz yazasınız. Həmçinin müraciəti bir az araşdırsanız, özünüz də edə bilərsiniz. Sadəcə diqqətli olmaq və yaxşı araşdırmaq lazımdır. Bunun üçün böyük məbləğdə ödənişlər tələb edən və "100% qaranti veririk" deyən yerlərdən uzaq qaçmağınız tövsiyə olunur.

Xaricdə təhsil almaq üçün viza məsələsi də ən vacib məsələlərdən biridir. Hazırda bəzi ölkələrə viza almaq universitetlərə qəbul olmaqdan, xarici dil öyrənməkdən belə çətin ola bilir. Viza almaqda da maksimum diqqətli olun ki, əziyyətiniz boşa çıxmasın. Bir məqam da var ki, bütün bunları bacarsanız belə bəzi ölkələrin bank hesabında müəyyən bir məbləğ istəməsi halı ilə qarşılaşa bilərsiniz. Bank hesabınızda tələb olunan məbləği saxta üsullarla göstərmək bəzən faydalı olsa da, bəzən bütün gələcəyinizi təhlükəyə atmış olar. Çalışın təhsil alacağınız ölkəni seçərkən buna da diqqət edəsiniz.

Xaricdə təhsil almaq həm də sizin fərqli mədəniyyətlə tanış olmağınıza, yeni macəralar yaşamağınıza, yeni imkanlar əldə etməyinizə yardım edir. Gözəl və çətin günlər dolu tələbəlik yaşayacağınız qarantidir. Hər birinizə seçimlərinizdə və məqsədlərinizə doğru addımladığınız yolda uğurlar arzu edirəm.

Oxuduğunuz üçün təşəkkürlər.

Müəllif - Orxan Salmanov
Made on
Tilda