"Ümumİ təhsİl müəssİsələrİndə psİxolojİ xİdmətİn təşkİlİ və səmərəlİlİyİnİn artırılması" layİHƏSİ
Bakı Şəhər Təhsil İdarəsi, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərin əsas məqsədi ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılmasına nail olmaq, şagirdlərin fərdi xüsusiyyətlərini inkişaf etdirmək, uşaqların psixi cəhətdən sağlamlığını təmin etmək və məktəblilərin fərdi inkişafına təkan verməkdən ibarətdir.
Qloballaşan dünyada texnologiyaların inkişafı və əlçatanlığının gətirdiyi limitsiz informasiya axını insanların həyat tərzində, iş həyatında, sosial, ailədaxili münasibətlərində və təfəkküründə dəyişikliklərə yol açmışdır. Bu proseslər müsbət dəyişikliklər ilə birlikdə müxtəlif çətinliklər və problemlər də gətirmişdir. Bunlara misal olaraq texnologiyadan hədsiz istifadə, informasiya axınına nəzarətin müşküllüyü, ailədaxili münasibətlərin gərginləşməsi, vaxt azlığı, və s.-ni göstərmək olar. Bu proseslər uşaq və yeniyetmələrin də həyatına təsirsiz ötüşmür və onların arasında gərgin münasibətlərin, fiziki və mənəvi zorakılıq hallarının yaşanmasına təkan verir. Son vaxtlar şagirdlər arasında aqressivlik, özünəqapanma, intihar halları, bulinq kimi problemlər geniş yayılmaqdadır. Elina hadisəsi bir daha göstərdi ki, problemlərin həlli üçün vaxtında tədbir görülməsi fövqəladə vacibdir. Bu problemlərin, risk qrupuna aid şagirdlərin vaxtında aşkar edilməsi, profilaktik tədbirlərin görülməsi, ümumən məktəbdə sağlam psixoloji mühitin formalaşdırılması üçün bu layihə ciddi əhəmiyyət kəsb edir.
Layihənin məqsədi:
Layihənin əsas məqsədi Bakı şəhərinin məktəblərində çalışan psixoloqların öz ixtisasları üzrə peşəkarlıqlarını artırmaq, direktor müavinlərini, valideynləri şagirdlərə (xüsusi ilə risk qrupuna daxil olan) doğru yanaşma ilə bağlı maarifləndirərək məktəblərdə sağlam psixoloji mühit formalaşdırılması, yaşana biləcək davranış, ünsiyyət, intihar, özünəqapanma, bulinq kimi problemlərin vaxtında həll edilməsinə çalışmaqdır. Layihənin əsas vəzifəsi isə Bakı şəhəri məktəblərində çalışan psixoloqların peşəkarlığını artırmaq üçün onlara təlimlər keçmək, risk qrupuna aid şagirdlərin vaxtında aşkar edilməsi yollarını və onlarla işin təşkili metodikasını öyrətməkdir. Görülən işin nəticəsinin daha da effektiv olması üçün direktor müavinləri və valideynlərlə də seminarlar təşkil olunacaqdır. Şagirdin həyatında əsas rolu valideyn və müəllim oynadığından onların bu proseslərdən kənarda qalması doğru olmaz və nəzərə alsaq ki, hər məktəbdə yalnız 1 psixoloq fəaliyyət göstərir, o zaman ona müəllim və valideynlərin dəstəyi vacibdir.
Layihənin əhatə dairəsi:
Bakı şəhərinin 12 rayonu üzrə bütün ümumi təhsil məktəbləri