Kitab oxumağın insanın şəxsiyyət kimi yetişməsində, həyata baxışının düzgün formalaşmasında, kritik düşüncəyə sahib olmasında müstəsna əhəmiyyəti vardır.
Layihə Haqqında
"Gələcək üçün oxu" layihəsinin mahiyyəti ölkənin 4 rayonunun (Quba, Salyan, Şirvan, Şamaxı) hər birində bir məktəbin bir ibtidai sinif otağında "Oxu guşəsi"nin yaradılması ilə şagirdlərdə oxuya marağın artırılmasından ibarətdir.
Müasir dövrdə texnologiyadan geniş istifadə həyatımızın xeyli hissəsini asanlaşdırsa da özü ilə tələb və istəklərin, ehtiyacların dəyişməsi kimi bir sıra çətinliklər də gətirmişdir. Texnologiyadan geniş istifadə kitab oxumağa marağı azaltmışdır. Marağın azalması şagirdlərdə kitab oxuma və oxuduğunu anlama bacarığının zəifləməsinə səbəb olur və nəticədə də onların akademik göstəriciləri aşağı olur. Kitab oxumağın insanın şəxsiyyət kimi yetişməsində, həyata baxışının düzgün formalaşmasında, kritik düşüncəyə sahib olmasında müstəsna əhəmiyyəti vardır. Kitab oxumaq nəinki söz ehtiyatını artırır, eyni zamanda ünsiyyət bacarığını, düşünmə dairəsini inkişaf etdirir və ümumilikdə insanların mədəni inkişaf səviyyəsini yüksəldir.
Layihənin məqsədi
Ölkənin 4 rayonunun (Quba, Salyan, Şirvan, Şamaxı) hər birində bir məktəbin bir ibtidai sinif otağında "Oxu guşəsi"ni yaratmaqla şagirdlərdə kitab oxumağa həvəsi artırmaq, eləcə də müəllimlərə (oxuyub-anlama üzrə təlimlər keçməklə və onların müşahidəsi ilə şagirdlərə nümunəvi formada hekayə oxumaqla) şagirdlərdə bu bacarığın formalaşdırılması yollarını göstərməkdir.
Gözlənilən nəticələr
1
Şagirdlərdə oxuya həvəs artacaq. Kitabların həm bədii, həm də elmi olması onların ehtiyac və maraqlarının ödənilməsinə yönəlmışdir.
2
Müəllimlərdə oxuyub-anlama bacarıqları inkişaf edəcək, şagirdlərin ehtiyaclarına uyğun müxtəlif oxu strategiyalarından istifadə bacarıqları formalaşacaq, şagirdlərdə oxu bacarıqlarını formalaşdıra biləcəklər.
3
Məktəbin digər ibtidai siniflərində də kitab oxumağa meyil və maraq artacaq.