Müsahibələr və görüşlər hamının həyatında vacib rol oynayır. Belə ki, layihələr və işlər üçün gənclər tez-tez müsahibələrə dəvət alırlar. Müsahibəyə dəvət alan gənclər arasında görüşə tam hazırlıqlı və hazırlıqsız gedənlər olur. Təbii haldır ki, müsahibəyə hazırlıqlı gedən şəxslərin seçilmə şansı daha yüksəkdir. Sizinlə bu bloqda bəzi məsləhətləri bölüşəcəyik.
İlk öncə gedəcəyiniz şirkəti, qurumu və ya müəssisəni yaxşı araşdırın. Əgər tapa bilsəniz, görüşəcəyiniz şəxslər haqqında, vakansiya haqqında və ya layihə haqqında geniş məlumat almağa çalışın. Bu, sizin üçün böyük üstünlük olar.
Müsahibəyə gedərkən səliqəli geyim önəmli amillərdəndir. Klassik geyim olmasa belə xoş görünüş sizi daha yaddaqalan edə bilər.
Qəti həyəcanlanmayın, həyəcanlı olsanız belə qorxmayın. Həyəcanlı olmağınız bu iş və ya layihə üçün məsuliyyət hiss etməyinizi göstərir. Sadəcə çalışın ki, həyəcan özünüzü tam olduğunuz kimi təqdim etməyə mane olmasın.
Müsahibəyə gecikməmək lazımdır. 10-15 dəqiqə tez getməyiniz isə sizin üçün müsbət haldır. Müsahibə baş tutacaq otağa daxil olarkən gülümsəməyiniz və hərkəsi salamlamağınız sizin haqqınızda ilkin təəssürat yaradacaqdır. Bu müsbət təəssüratı özünüz haqqınızda məlumat verərkən sadəcə ad soyadınızı deyib susmaqla qəti pozmayın. Sizi müsahibəyə dəvət edən şəxslər sizin haqqınızda müraciət formanızdakı məlumatlarla tanış olurlar. Siz özünüzü onlara daha lazımlı və daha geniş məlumatlarla təqdim etməlisiniz. Amma müsahibə götürən şəxsləri də yuxulamağa vadar etməyiniz məsləhət deyil. Əsas və vacib məlumatları qeyd edin.
Öz xüsusiyyətləriniz haqqında danışarkən çalışın bu xüsusiyyətlərin qarşı tərəflərə faydalarını göstərəsiniz. Hər bir xüsusiyyətin faydasını göstərməklə siz onlara nə qədər lazımlı olduğunuzu anlatmış olacaqsınız. Həmçinin çalışın müsahibədə yalnız suallar gözləyən tərəf olmayın. Fikirlərinizin təsdiqini almaq üçün qarşı tərəfə təsdiqləyici suallar ünvanlayın. Bu suallar vasitəsilə dediklərinizlə razılaşmaları sizin üçün yaxşı hal hesab ediləcəkdir.
Heç zaman unutmayın ki, hər hansı bir müsahibədə növbəti mərhələyə keçməməyiniz uğursuzluqdur. Daim özünüzü inkişaf etdirin. Çətinlik çəkdiyiniz məqamları daha gücləndirin. Sonda bütün müsahibə iştirakçılarına uğurlar arzulayıram.