Valideynlərə oxu ilə bağlı məsləhətlər.

Müəllif: İlkin Həsənov
Uşaqlar üçün kitab oxumaq çox vacibdir. Uşaqlıq dövründə kitab oxuyan və oxumayan şəxslər arasında böyük fərqlər daima hiss olunur. Beləliklə uşaqların gələcəyi üçün ən yaxşı seçimlərdən biri kitab oxumaqdır.

Araşdırmalar gündə sadəcə 20 dəqiqə kitab oxuyan uşaqların məktəbdə daha yaxşı performans sərgilədiyini göstərmişdir. Ancaq çox az sayda uşaq kitab oxumaq vərdişlərini özü-özünə qazandığı üçün ailələrin uşaqlarına yol göstərməsi və yönləndirməsi vacibdir. Ümid edirik ki, bu yazıyla sizə kömək edə biləcəyik.

1.Vahid oxu saatı müəyyənləşdirin. Ailədəki hər kəs üçün uyğun bir oxu saatı seçin. Bu saat övladınızın yuxu vaxtından öncə və ya dərslərini hazırladıqdan sonra ola bilər.

2.Uyğun bir oxu məkanı seçin. Evdə hər kəsin rahat ola biləcəyi bir yeri oxu məkanı olaraq müəyyənləşdirmək hər kəsin oxuduğu kitabdan zövq almağını təmin edir. Salondakı divanınızı və ya axşam yeməyi masanızı qısa bir müddətə bunun üçün istifadə edə bilərsiniz.

3.Birlikdə kitab oxuyun. Hər dəfə növbə ilə müəyyənləşdirdiyiniz bir nəfər ailənin digər üzvlərinə kitab oxuya bilər.

4.Oxu prosesini interaktiv təşkil edin. Oxumağa başlamadan öncə kitabın başlığından,yazarından və varsa, rəssamından danışın və onlara kitabın hansı mövzu ilə bağlı ola biləcəyi haqqında suallar verin. Oxuduqca da hekayənin necə inkişaf edə biləcəyini bərabər müzakirə edin. Bundan başqa təsirli və intonasiyalı bir səs tonu istifadə edərək kitaba olan marağı artırın.

5.Evinizi oxunacaq materiallarla doldurun. Kitablar, jurnallar, qəzetlər, rəsmli kitablar və daha artıq növdə və formada oxunacaq materiallar uşağınızın ətrafında olsun.

6.Övladınız sizi kitab oxuyarkən görsün. Əgər övladınız sizi kitab oxuyarkən görsə,özü də bundan ilham alacaqdır.

7.Ailənin böyük övladları kiçiklərlə birlikdə kitab oxusun. Yaşı daha böyük olan övladınızın özünə olan güvəni digər bacı-qardaşlarına kitab oxumaqla artacaqdır. Bundan başqa uşaqlarınız arasındakı sosial münasibətləri gücləndirəcəkdir.

8.Təkrarlanan fəaliyyətlər müəyyənləşdirin. Övladınızın məktəbə hər il başlayacağı dövrdə təkrar oxuması üçün bəlli bir kitabı olsun və ya özəl bir kitabı hər yay tətilində təkrar oxusun. Bu kimi maraqlı vərdişlər oxu zamanını daha zövqlü hala gətirəcəkdir.

9.Övladınızın favorit kitablarının hər daim əlinin altında olmasını təmin edin. Yeni bir oxucu kimi uşağınızın özgüvəninin yaranması və oxu müddətinin uzanması üçün ən sevdiyi kitabları öyrənib onları oxumasını təmin edin. Beləcə, istədiyi vaxt sevimli kitabları rahatca oxuya biləcək və oxumağı daha çox sevəcəkdir.

İlkin Həsənov
TAİM-in təhsil mütəxəssisi
Made on
Tilda