İNGİLİS DİLİNİN TARİXİ VƏ GÜNÜMÜZDƏ İNGİLİS DİLİNİN ÖNƏMİ

İngilis dili dünyada ən əhəmiyyətli dillərdən biridir. İstədik sizə ingilis dili haqqında bəzi məlumatları çatdıraq.
İngilis dili bir neçə yüz il bundan əvvəl Britaniya adasının istilaları nəticəsində yaranmışdır. Qədim ingilis dilini başa düşmək olduqca çətin idi. İngilis dilinin bu qədim formasında yazı nümunələri yalnız bəzi ekspertlər tərəfindən oxuna bilir. Bu dövrdən bir neçə yazı nümunəsi qalıb. Bu, qəhrəman krala həsr olunmuş "Beovulf" poemasıdır. Tədqiqatçılar poemanın 7-8-ci əsrlərə aid olduğunu bildirirlər. Poemanın müəllifinin kim olduğu isə məlum deyil.

Orta ingilis dili müasir ingilis dilinə oxşayır, lakin onu indi başa düşmək çox çətindir. O dövrdən bir çox yazılı abidə qalmışdır. Lakin həmin dövr ingilis ədəbi dilinin ən görkəmli əsəri 1400-cü illərdə Londonda yaşamış şair Ceffri Çoser tərəfindən yazılmış mənzum "Kenterberri hekayələri" hesab edilir. Əsər Kenterberri şəhərinə səfər edən müxtəlif insanların dilindən söylənilən şeirlər toplusu şəklində yazılıb. Sonrakı dövrlər orta ingilis dili inkişaf edərək müasir ingilis dilinə çevrilmişdir.

Müasir dövrümüzdə ingilis dili siyasi danışıqlar və biznes dilinə çevrilib. Əsas elmi və tibbi araşdırmalar da ingilis dilində aparılır. Beynəlxalq razılaşmalara əsasən təyyarələrdə işləyən bələdçilər ingilis dilini bilməlidir. Cənubi Amerika və Avropa məktəblərində ən çox tədris olunan dil ingilis dilidir. Filippində və Yaponiyada uşaqlar ingilis dilini ən kiçik yaşlarından öyrənməyə başlayırlar. İngilis dili Britaniya, Kanada, Birləşmiş Ştatlar, Avstraliya və Cənubi Afrika daxil olmaqla yetmiş beşdən çox ölkənin rəsmi dilidir.

Müxtəlif dillərin danışıldığı ölkələrdə insanların bir-biri ilə ünsiyyətini təmin etmək üçün çox vaxt ingilis dili rəsmi dövlət dili kimi çıxış edir. Hindistan buna yaxşı misaldır. İngilis dili 24 müxtəlif dilin hər birində bir milyondan artıq insanın danışdığı bu ölkədə hamı üçün ümumi dildir.

İngilis dili həyatımızın əsas obrazına çevrilib. Çünki hər kəs bu dili öyrənməyə can atır. Bu dil həyatımızda bir açar rolunu oynayır. İngilis dilinə marağımız olmasa da, öyrənməyə məcburuq .Çünki o olmadan dünyaya birtərəfli baxacağıq. Yalnız Azərbaycanı görəcəyik, amma ingilis dilini bildikdən sonra dünyaya hərtərəfli baxmaq imkanı əldə edəcəyik. Dünya xalqlarının mədəniyyətini, fəaliyyət sahəsini və s. digər məlumatları əldə etmək imkanımız olacaq. Sadəcə internetdə ingilis dilində çoxlu məlumat əldə etmək mümkündür. Bundan başqa dünyadakı ən önəmli kitablar Azərbaycan dilinə tərcümə edilməyib. Onları oxumaq üçün ingilis dilini bilmək lazımdır. İstənilən sahədə ingilis dilini bilmək həmin sahədə olan bilikləri zənginləşdirər və daha geniş imkanlar yaradar.








Oxuduğunuz üçün təşəkkür edirəm.

Bizə yazın:
WhatsApp
Made on
Tilda