Dərs müşahidələrinin müəllimin peşəkar inkişafında rolu
“
Hər müəllimin inkişafa ehtiyacı var. Ona görə yox ki, onlar yaxşı müəllim deyillər, ona görə ki onlar DAHA YAXŞI ola bilərlər.
— Dylan Wilam
Bilindiyi kimi cəmiyyətin formalaşması üçün təhsilin inkişafı vacibdir. İnkişaf prosesinin mərkəzində isə müəllim dayanır. Demək müəllimlər də ömürboyu öyrənmə prinsipinə sadiq qalaraq peşəkar inkişafı üçün təşəbbüs göstərməlidirlər. Peşəkar inkişafın müxtəlif yolları vardır ki, bunlardan da ən önəmlilərindən biri dərs müşahidələridir. Dərs müşahidələrindən bəhs edərkən bir çoxlarımızın ağlına ilk olaraq "açıq dərs vermək" anlayışı gəlir. Hazırda demək olar ki, bütün məktəblərimizdə mütəmadi olaraq açıq dərslər keçirilir. Bu zaman iki əsas sual meydana çıxır:
bu açıq dərslər müəllimlərin peşəkar inkişafına nə kimi təsir göstərir?
dərs deyən və dərsi izləyən müəllim prosesin sonunda nə öyrənir?
Müəllimlər açıq dərsi həqiqətənmi nəisə öyrənmək üçün edirlər, yoxsa bu proses sadəcə müəllim yoldaşlarından geri qalmamaq üçün açıq dərs verdim ifadəsini işlətmək və ya məktəb rəhbərliyinin qoyduğu tələbi yerinə yetirmək üçündür? Ümumilikdə sonunda öyrənmə baş verməyən hər hansı bir fəaliyyət (misal: dərs müşahidələri) bizə lazımdırmı?
Başqa bir məsələ dərs müşahidələri zamanı buraxılan səhvlərdir. Bir çox hallarda dərsi müşahidə edən müəllimlər dərs prosesini müşahidə etməkdən, öyrənmə mühitinin təşkilinə diqqət yetirməkdən çox müəllimin özünü və ya şagirdləri müşahidə edib buna uyğun rəy bildirirlər. Bəzi hallarda isə dərs müşahidələri yoxlama xarakteri daşıyır. Nəticədə dərs keçən müəllim öyrənmə mühitini yaratmağa deyil özünün necə yaxşı müəllim olduğunu sübut etməyə çalışır. Beləliklə prosesin mərkəzində şagird deyil müəllim dayanmış olur ki, bu da şagirdyönümlülük prinsipinə ziddir.
Unutmayaq ki, dərs müşahidələri bir mədəniyyətdir. Bu mədəniyyətin formalaşması üçün məktəb rəhbərləri ilə yanaşı müəllimlər də təşəbbüskar olmalı, bir-birilərinin təcrübələrindən öyrənmə çalışmalıdırlar. Bu prosesin əsas məqsədi müəllimi və ya şagirdin özünü mühakimə və ya qiymətləndirmə deyil qarşılıqlı öyrənmə olmalıdır.
Növbəti məqalələrdə aşağıdakı suallara cavab tapacaqsınız:
Dərs müşahidələrinin hansı növləri var?
Dərs müşahidələrini necə etmək lazımdır ki, səmərəli olsun?
Dərs müşahidələrində konkret olaraq nələrə diqqət yetirmək lazımdır?
Dərs müşahidələrindən sonra verilən rəylər nə zaman və necə olmalıdır?
Peşəkar inkişaf üçün müşahidələrin hansı şəkildə təşkil olunması tövsiyyə olunur və s.